"The Telegraph" yazır ki, sosial media icmaları öldürməkdə və uşaqları təhlükəyə atmaqda tez-tez ittiham olunur, lakin yeni elmi tədqiqat, məsələn, Facebook-un insanların ömrünü uzatdığını göstərib.
12 milyon Facebook istifadəçisinin araşdırılması göstərib ki, bu şəbəkədən müntəzəm istifadə edənlər arasında ölüm riski 12 faiz az olub.
Əvvəllər də düşünülürdü ki, Facebook insanlara real dünya ilə əlaqəni itirməməkdə kömək etməklə yaxşı əhval-ruhiyyə yaradır, lakin indi elm bu sosial mediadan istifadənin ömrü uzatdığını göstərib.
Kaloforniyadakı San Diego Universitetinin professoru James Fowler deyib ki, sosial şəbəkələrin insanların ömür uzunluğuna müsbət təsiri hələ 1979-cu ildən bəllidir.
Professor deyib ki, sosial münasibətlərin insan ömrünün uzunluğuna təsiri siqaretin təsiri qədər aşkardır.
Tədqiqatçılar bu araşdırma üçün Kaloforniyadakı Facebook istifadəçilərinin İctimai Sağlamlıq İdarəsindəki xəstəlik qeydlərini 6 ay ərzində öyrəniblər.
Bu müddətdə sağ qalanlarla ölənlərin sosial media fəallığı arasındakı fərqlər də araşdırılıb.
Bununla belə üzbəüz təmaslarda olan insanların ömür uzunluğu gözləntisinin hətta sosial şəbəkə istifadəçilərinin ömür uzunluğu gözləntisindən də daha böyük olduğu aşkara çıxıb.
Araşdırmanın nəticələrinə görə sosial şəbəkə hesabları olan insanlar daha uzun ömür yaşayırlar.
Ömrün uzanmasına başqa bir Facebook faktoru da təsir edirmiş. Bu da müşahidə edilib ki, daha çox dostluq qəbul edənlərin daha uzun ömür yaşaması şansı böyükdür.
Bununla belə alimlər vurğulayırlar ki, sosial şəbəkələrdən istifadə qədərində olmalı və real ünsiyyəti sıradan çıxarmamalıdır.