AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar incəsənət xadimi, rejissor Ziya Şıxlinskinin Qafqaz İslam Ordusuna həsr olunmuş “Yazılsın tarixə bir qızıl xətlə” sənədli filminin təqdimat mərasimi keçirilib.
AMEA-dan verilən məlumata görə, film Bakının 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub.
Filmdə, həmçinin, general Əliağa Şıxlinskinin Azərbaycan korpusunu formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında göstərilir.
Təqdimat mərasimində çıxış edən Z.Şıxlinski XX əsrin əvvəllərində dünyanın siyasi mənzərəsindən, Cənubi Qafqazın o zamankı durumundan, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını şərtləndirən amillərdən və Azərbaycan-Anadolu türklərinin birliyindən bəhs edib.
Sonda Ziya Şıxlinskinin müəllifi olduğu “Yazılsın tarixə bir qızıl xətlə” filmi, general Əliağa Şıxlinskinin “Mənim xatirələrim” adlı kitabı və Qafqaz Hərbi Dairəsi ştabının Hərbi Tarix Şöbəsi tərəfindən hazırlanmış 1801-1813-cü illərdə Qafqazda sərhədlərin durumunu əks etdirən “Qafqazın xəritəsi – sərhədlərin göstərilməsi ilə” bağlı sənəd MEK-ə hədiyyə olunub.