Paytaxtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı “BakuBus” MMC-yə məxsus avtobusa ziyan dəyib.
Hadisə mayın 31-i saat 15:30 radələrində İnşaatçılar prospektində (Dövlət Statistika Komitəsinin qarşısı) qeydə alınıb.
Belə ki, 17 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun qarşısındakı minik avtomobilinin sürücüsü yola piyada çıxdığı üçün idarə etdiyi nəqliyyat vasitəsini qəflətən saxlayıb. Bu zaman “BakuBus” MMC-yə məxsus avtobusun sürücüsü də idarə etdiyi nəqliyyat vasitəsini saxlamaq məcburiyyətində qalıb. Həmin vaxt arxadan gələn “Mercedes 190” markalı minik avtomobili avtobusa çırpılıb. Eyni zamanda “Kia” markalı minik avtomobili arxa tərəfdən “Mercedes 190” markalı avtomobilə dəyib.
Dövlət Yol Polisinin və sığorta şirkətinin əməkdaşları hadisə yerində olublar. Faktla bağlı araşdırmalar davam edir.