“Bizim Yol”a müraciət edən Şirvan şəhərində yerləşən Zəngilan rayon 31 nömrəli tam orta məktəbinin həmkarlar təşkilatının rəhbəri Əliyev Mehman İsmixan oğlu bildirib ki, 2017-ci ilin sentyabr ayından bu məktəbdə fəaliyyətə başlayan tarix müəllimi Əliyeva Arzu Şirin qızı tədris prosesini pozur, şagird və müəllimlərlə tez-tez mübahisələr yaşayır.
“Dərs müddətində istədiyi şagirdi sinif otağından çıxarıb ona qayıb yazır. Bu isə valideynlərin narazılığına səbəb olur. Onun şagirdlərə və müəllimlərə ona arzuolunmaz münasibətinə etiraz edəndə A.Əliyeva sadəcə “mən müəllimlərin işə qəbul imtahanında 54 bal toplayıb, nazirliyin xətti ilə işə qəbul olunmuşam” deyir. Məktəb direktoru Zərniyar Həsənova ilə dünən yaşadığı mübahisə nəticəsində onun səhhəti pisləşdi. Təcili tibbi yardım köməyə çağrıldı”,-deyə M.Əliyev bildirib.
Onun sözlərinə görə, bu gün məktəbdə valideynlər iclası keçirilib: “İclasa səbəb Arzu Əliyevanın ibtidai sinif müəllimlərinin şagirdləri döyməsi iddiası ilə bağlı olub. Valideynlər məktəbə dəvət olundu. Valideynlər uşaqlarının döyülməsi iddiasını təkzib etdilər”.
Mehman Əliyevin Arzu Əliyevanın tədris prosesini pozması iddiası ilə bağlı 30 may 2018-ci il tarixində Təhsil Nazirliyinə sörğu göndərilib.