"Mayın 16-da heç bir xəbərdarlıq edilmədən yaşadığım binada 3 nəfər mülki geyimli şəxsin hücumuna məruz qaldım. Onlar özlərini təqdim etmədilər. Mənim yerimə kim olsa, onlara müqavimət göstərərdi".
Eurasia Diary-nin APA-ya istinadən xəbərinə görə, bunu jurnalist Fuad Abbasov bu gün təşkil etdiyi mətbuat konfransında deyib.
"Mülki geyimlilər sonradan mənə hüquq-mühafizə orqanlarının əməkdaşları olduğunu söylədilər. Məni Ximki Şəhər Məhkəməsinə gətirdilər. Məhkəmədə katibin iştirakı olmadan protokol tərtib etdilər, məni vəkillə təmin etmədilər. Hakim 15 dəqiqə ərzində hökm çıxardı. Mənə telefonla danışıq haqqı belə vermədilər. Bütün bunlardan sonra mənə aydın oldu ki, bu, kimlərinsə sifariş olub", - F. Abbasov vurğulayıb.
Xatırladaq ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi F. Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib. F. Abbasov iyunun 25-də Azərbaycana deportasiya edilib.