Səyyar “ASAN xidmət” iyunun 7-dən iyulun 6-dək Goranboyda vətəndaşlara səyyar formada xidmət göstərib.
Eurasia Diary xəbər verir ki, Bərdə “ASAN xidmət” mərkəzinin səyyar qrupunun rəhbəri Murad İbrahimov bildirib ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim olunub. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxil olub.
Vətəndaşlara, eyni zamanda, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi ilə bağlı xidmətlər də göstərilib. Bununla yanaşı, vətəndaşlar “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən də yararlana biliblər.
Murad İbrahimov bildirib ki, bir ay müddətində səyyar “ASAN xidmət” tərəfindən 3500-ə yaxın müraciət qeydə alınıb. Şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi üçün 1400 nəfər müraciət edib. Vətəndaşlardan 370 nəfərinin ümumvətəndaş pasportu, 700 nəfərin şəxsiyyət vəsiqəsi, 110 nəfərin isə sürücülük vəsiqəsi dəyişdirilib. Ədliyyə Nazirliyinə aid məsələlər üzrə 1200 müraciət qeydə alınıb ki, onlardan da 955 nəfərə xidmət göstərilib. Əmlak məsələləri üzrə 19 müraciət daxil olub. Eyni zamanda, 21 nəfər tərcümə xidmətinin, 218 nəfər tibb xidmətinin, 60 nəfər isə “Azəriqaz” İstehsalat Birliyinin xidmətlərindən yararlanıb.(Azərtac)
Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.