Həftəsonu Bakıda tədbiqi nəzərdə tutulan küçəyə çıxma qadağası marketlərdə izdiham yaradıb.
Operativ Qərargahın qərarını eşidən paytaxt sakinləri kütləvi halda bazarlıq etmək üçün iri marketlərə üz tutublar. İki gün evdən çıxmaları qadağan ediləcək müştərilər daha çox quru qidaları almağa üstünlük veriblər. Nəticədə kassalar qarşısında da uzun növbələr yaranıb. Bu zaman isə əksər hallarda sosial məsafə tələblərinə riayət edilməyib.
Xatırladaq ki, sabahdan koronavirusa yoluxanların sayının kəskin artması səbəbi ilə dünya təcrübəsinə əsaslanaraq artıq Azərbaycanda da həftə sonlarında küçəyə çıxmaq qadağasının tətbiqinə başlanılıb. 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. İki gün ərzində vətəndaşlar yalnız həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandığı halda, yaxın qohumların dəfni üçün evi tərk edə bilərlər. Digər halda cərimələr tətbiq olunacaq.