ABŞ-ın məşhur "The New York Times" qəzeti bir daha Qarabağ münaqişəsini işıqlandırıb.
Eurasia Diary xəbər verir ki, qəzetin internet saytında hər iki tərəfin əhalisinin fikirlərinə yer verilən "Dağlıq Qarabağ müharibəsindən sonra, Travma, Tragediya və Dağıntılar" adlı məqalə nəşr olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev qəzetə öz fikirlərini danışıb.
Umud Mirzəyev böyüyüb boya başa çatdığı Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi ilə bağlı xatirələrini paylaşıb. O, müharibəni və bu uzun müddəti cəhənnəmə bənzədib.
"Burada həmişə yaşıllıq olub, buralar əvvəllər üzümçülük, pambıq, maldarlıq və əkinçilik ilə məşhur idi", U. Mirzəyev indi xarabalığa çevrilən kəndinin işğaldan əvvəlki vəziyyətini təsvir edib.
Ağdam və Füzuli rayonundan olan soydaşlarımız ermənilərin rayon ərazisini necə məhv etdiklərini dilə gətiriblər.
Füzuli rayonunun sakini Nurəddin Namazəliyev evindən hətta bir mismar da qalmadığını söyləyib. O, atasının didərgin düşdüyü torpaqların azadlığını görməməsindən təəsüflənir. Namazəliyev bildirir ki, atasını dəfn edəndə onun məzarına Füzulinin torpağından səpib.
Azərbaycanlılar öz torpaqlarına geri dönmək və sülh istədiklərini qeyd edib. Qəzetdə fikri gedən həmvətənlilərimiz ermənilərin Qarabağda yaşamasına etiraz etməsə də torpaqların Azərbaycanın suverenliyinə daxil olmasını əsas şərt kimi göstəriblər.
Lakin bəzi ermənilər hələ də beynəlxalq hüququ tanımayaraq Qarabağın Azərbaycana qayıtmasına razı olmadıqlarını ifadə ediblər. Onlar Qarabağa geri dönməli olduqlarını bildiriblər.