Əfsuslar olsun ki, son günlərdə istər bağçada, istərsə də məktəbdə baş verən xoşagəlməz hadisələr ilk deyil. Bəzi hadisələr barədə məlumat ala bilsək də, buna bənzər yetərincə anoloji hadisələr baş verməkdədir. Şagirdi döymək, onlara xəsarət yetirmək, mütəmadi təhdid altında saxlamaq, təhqir etmək və ləyaqətini alçaltmaq, açıq-aşkar mənfi münasibət göstərmək, kimi nüansları misal göstərə bilərik. Müəllimlərin bu cür davranışları zərərçəkən şəxslərdə həyatlarının sonrakı mərhələlərində fəsadlarını göstərir.
Fiziki şiddətin yaratdığı nəticələr təkcə fiziki fəsadlarını deyil, psixoloji fəsadlarını da göstərir. Sinifdə, auditoriyalarda başqalarının arasında döyülən, təhqir, tənqid edilən uşaq və yeniyetmələrin psixoloji vəziyyətində dəyişikliklər olur, özgüvəni aşağı düşür, özünün yalnız, dəyərsiz hiss etməyə, qorxu və narahatlıq içində getdikcə daha çox özünə qapanmağa başlayır. Bu vəziyyəti müşayiət edən utanc və günahkarlıq duyğuları isə insanın özünü ətrafından təcrid etməsinə, tənhalığa və ümidsizliyə səbəb olur, aqressiya, natamamlıq kompleksi, stress, depressiv halları ortaya çıxarır.
Fiziki şiddətin yaratdığı psixoloji fəsadlar uşaqların təfəkkür, yaddaş, qavrama, diqqət, təxəyyül kimi idrak proseslərinə, həmçinin sosial və əxlaqi dəyərlərinin düzgün formalaşmasına mənfi təsir göstərir. Müşahidələr göstərir ki, baş verən hadisələr nəticəsində zərərçəkən uşaqlar bacarıqlarını daha az göstərirlər və onların sosial səriştəliliyi aşağı olur, səhhətində dəyişikliklərə səbəb olur, bağçaya, məktəbə qarşı soyuyurlar.
Bir daha bu hadisələrlə qarşılaşmamaq üçün pedaqoqların seçim mərhələsində daha diqqətli olmalı, həssas yanaşılmalıdır. Müəllim tərəfindən edilən şiddət faktlarının azaldılması üçün məktəbdə psixoloji işin düzgün təşkil olunması və psixoloqun müəllimlərlə işləməsi vacibdir. Bununla yanaşı mütəmadi olaraq müəllimlərlə psixoloji diaqnostikalar, testlər keçirilməli, onlar üçün psixoloji təlim və seminarlar təşkil olunmalıdır. Həyata keçirilən maarifləndirmə işlərini daha da sürətləndirməli, Bakı və digər böyük şəhərlərlə kifayətlənməməli, bütün ölkə üzrə maarifləndirmə fəaliyyəti davam etdirilməlidir.
Pedaqoq kimi fəaliyyət göstərmək istəyən şəxslərin nəzəri bilikləri ilə yanaşı, psixoloji hazırlıq mərhələlərinə də xüsusilə diqqət artırılması gələcəkdə baş verə biləcək mümkün hadisələrin azalmasına gətirib çıxara bilər. Günümüzün təcrübəsi göstərir ki, bəzən kifayət qədər savadlı mütəxəssis psixoloji olaraq təhsil müəssisəsində fəaliyyət göstərmək üçün hazır olmur. Auditoriyanı idarə etməmə, özünü qarşısındakına sevdirə bilməmə və digər hallardan ortaya çıxan stress, səbirsizlik nəticəsində müəllim müxtəlif fiziki və psixoloji üsullarından istifadə etməyi üstün tutur, bununla nəyəsə nail olmaq istəyir. Bu səbəbdən də kadrların seçilməsi, onların psixoloji hazırlıq məsələsinə daha ciddi diqqət və nəzarət etmək labüddür. Əks halda ölkəmizin, cəmiyyətimizin sağlam gələcəyini şübhə altına atmış olarıq.
Təranə Paşayeva
“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İB-nin sədri
Psixologiya üzrə fəlsəfə doktoru