Qahirədə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR - ednews.net

26 May, Cümə axşamı

(+994 50) 229-39-11

Qahirədə Novruz bayramı münasibətilə tədbir keçirildi - FOTOLAR

Cəmiyyət A- A A+
Misir-Azərbaycan Dostluq Cəmiyyətində Novruz bayramı münasibətilə tədbir təşkil olunub.
 
Ednews xəbər verir ki, Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Misir ictimaiyyətinin nümayəndələri, tələbələr və diaspor üzvlərinin iştirak etdiyi bayram tədbiri hər iki ölkənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
 
Tədbiri giriş sözü ilə açan Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Novruz bayramı münasibətilə iştirakçıları təbrik edərək, diaspor təşkilatının xalqımızın mədəni irsinin, o cümlədən milli adət-ənənələrinin təbliği istiqamətində fəaliyyətindən danışıb. O, diaspor mərkəzində təşkil olunan ödənişsiz kurslarda Azərbaycan dilini öyrənən misirli və dünyanın müxtəlif ölkələrini təmsil edən gənclərin milli adət-ənənələrimizə, ədəbiyyatımıza və tariximizə də yaxından bələd olduqlarını qeyd edib. Bildirilib ki, onların bir çoxu müxtəlif tədbirlərdə şairlərimizin şeirlərini səsləndirir, ədiblərimizin əsərlərindən tamaşalar təqdim edirlər.
 
S.Nəsirov Misirdə təhsil alan və ərəb dilini öyrənən azərbaycanlı tələbələri ölkəmiz haqqında həqiqətlərin çatdırılması üçün sosial şəbəkələrin ərəbdilli seqmentlərində daha fəal olmağa çağırıb.
 
Səfirlik adından tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən ölkəmizin Misirdəki diplomatik nümayəndəliyinin müşaviri Ramiz Vəliyev Novruz bayramının tarixi və onun simvolları, həmçinin milli adət-ənənələrimiz haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, dünyanın müxtəlif ölkələrində, o cümlədən Misirdə yaşayan soydaşlarımız diaspor mərkəzlərinə toplaşaraq, bu bayramı geniş şəkildə qeyd edirlər.
 
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Misirdə yaşayan soydaşlarımızı Novruz münasibətilə təbrik edərək bildirib ki, xalqımızın növbəti dəfə bu əziz bayramı Qarabağın azadlığına qovuşması şəraitində qeyd etməsi sevindirici haldır. O, misirli və digər ərəb ölkələrindən olan tələbələrin Azərbaycan dilini öyrənməsi və bayram şənliklərində iştirakını diaspor təşkilatının böyük uğuru adlandırıb.
 
Tədbirin sonunda misirli tələbələr Azərbaycana və Novruz bayramına həsr olunmuş şeirlər söyləyib, mahnılar ifa ediblər.
1

1

(AzərTac)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...