Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Azərbaycan Televiziyasında ( AzTV) yayımlanan “Çıxışa doğru” proqramının qonağı olub.
Proqramda “İctimai nəzarət şuraları səhiyyə sektoruna nə qazandırdı?” mövzusu ətrafında müzakirələr aparılıb. Verilişdə həmçinin Neftçilərin hüquqlarının müdafiəsi təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı, “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai birliyinin sədri Ziba Nəbiyeva və İctimai Nəzarət Mərkəzinin sədri, Milli QHT Forumunun prezidenti Rauf Zeyni iştirak ediblər. Proqramda qonaqlar mövzu ətrafında bir-birləri ilə maraqlı fikirlərini bölüşüb və polemika aparıblar.
Müzakirələr zamanı cəmiyyətdə istər rəsmi, istərsə də ictimai birliklərin üzərində nəzarətin keyfiyyətindən danışılıb.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev mövzu ilə bağlı bildirib ki, ictimai nəzarət dedikdə dövlət idarəetməsində ictimai iştirakçılıq və vətəndaşların bilavasitə iştirakı nəzərdə tutulur.
“İctimai nəzarətin bir forması da İctimai Şuradır. Bu könüllü hərəkatdır və ölkəmizdə hələ yeni yaranan bir təsisatdır. İctimai Şuraların fəaliyyəti çatışmazlıqların hamısını ortaya qoyub”.
U. Mirzəyev qeyd edib ki, bu sahədə qanunvericilikdə müəyyən boşluqlar var.
“İctimai Şuralar maliyyə problemləri ilə üzləşir. Ancaq inkişaf etmiş ölkələrdə onlar üçün müxtəlif maliyyə mənbələri var, bunun üçün subsidiyalar verilir. Nazirliklərimiz İctimai Şuraya dəstək verilməsi üçün kifayət qədər maliyyə vəsaiti ayırır. Amma İctimai Şuranın nəzarət etdiyi qurum tərəfindən maliyyələşdirilməsi düzgün deyil”.
Daha ətraflı video materialda izləyə bilərsiniz: