“Azərbaycan xalqının tərcümeyi-halında insanlarımızın kütləvi qırğına məruz qaldığı çoxsaylı qara günlər var. Bunun tarixçəsi 150 il öncəyə gedib çıxır”.
Bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ermənilərin bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım barədə Ednews-a danışarkən bildirib.
“Bu faciəli günlərdən biri görkəmli yazıçı, dramaturq, nasir və ictimai xadim Cəfər Cabbarlının “1905-ci il” əsərində təsvir olunur. Həmin əsərdə məşhur “Atan kazaklardır” ifadəsi var. Hadisələr Tuğ kəndində cərəyan edir. Mən o kəndi yaxşı tanıyıram. Azıx mağarasına yaxın, ən qədim kəndlərimizdən biridir”.
O, həmçinin 104 il bundan öncə Ağdərə rayonunun Umudlu kəndində ermənilərin törətdiyi soyqırımı xatırladıb.
“Umudlu faciəsi əsrin ilk soyqırımı idi. Ermənilərin Azərbaycana qarşı apardıqları növbəti torpaq iddiaları zamanı Qarabağın bir neçə kəndi təmamilə dağıdıldı, 350 nəfər kənd sakini vəhşicəsinə qətlə yetirildi. Onlardan 160 nəfər sakini qapalı yerə yığaraq od vurub yandırıblar. Hesab edirəm ki, Umudlu faciəsi haqda biz tez-tez danışmalıyıq”.
O qeyd edib ki, xalqımıza qarşı törədilən soyqırımların hər biri insanlıq adına ləkə olmaqla bəşəri faciədir.
“1918-ci il mart-aprel hadisələri zamanı Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlıları tərəfindən 12 min insanın həyatına son qoyuldu. Bakının özündə Çəmbərəkənd qəbiristanlığı bütünlüklə mart şəhidlərinin məzarlığına çevrilmişdi. Təəssüf ki, bu qırğınları törədən kazakların dəstəyilə Sovetlər dövründə Çəmbərəkənd böyük bir parka çevrilmişdi”.
U. Mirzəyev vurğulayıb ki, illərlə həyata keçirilən bu böyük siyasətin nəticəsində Xocalı faciəsi bizim başımıza gəldi.
“30 il bundan öncə Qaradağlı, Ballıqaya, Cəmilli faciələrini yaşadıq. Şükürlər olsun ki, bu gün torpaqlarımızı azad etmişik. Şəhidlərimizin ruhu azacıq da olsa dinclik tapır indi. Torpaqlar azad edildikdən sonra inanıram ki, yaxın gələcəkdə külli Qarabağ azadlığına qovuşacaq və insanlarımız yurd-yuvasına qayıdacaq. Biz artıq güclü orduya malik müstəqil və etibarlı bir dövlətin vətəndaşlarıyıq”.