Epilepsiya xəstəliyi əhalinin 1%-də rast gəlinir. Bu xəstəlik beyinin elektrik aktivliyi və kimyəvi siqnallarla əlaqəsi olan çoxsaylı sinir hüceyrələrindən əmələ gəlir. Sinir hüceyrələrinin işini pozan siqnallar insanın davranış və dərketməsinə təsir edir. Epilepsiya qıcolma tutmaları ilə özünü göstərir.
Epilepsiya xroniki xəstəliklər siyahısına daxil olduğu üçün bəzi vətəndaşlara onun da diabet və onkoloji xəstələr üçün nəzərdə tutulan xüsusi imtiyazlara sahib olub-olmaması maraqlıdır.
Qeyd edək ki, diabet və onkoloji xəstələri dövlət tərəfindən dərman preparatları ilə təmin olunur.
Bəs, epilepsiya xəstələri üçün hansı dövlət təminatı nəzərdə tutulur?
Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Ednews-un sorğusuna cavab olaraq bildirilib ki, Agentlik tərəfindən epilepsiya xəstəliyi ilə bağlı əlillik dərəcəsi təyin edilmiş vətəndaşların dərman preparatları ilə təmin olunması məqsədilə müvafiq dərman vəsaitləri əldə edilib imtiyazlı aptek şəbəkələrinə təhvil verilir.
“Qeyd edilən vətəndaşlar qeydiyyatda olduğu ərazi üzrə imtiyazlı aptek şəbəkələrindən həkim tərəfindən təyin edilmiş dərman preparatlarını əldə edə bilirlər”.
Qurumdan həmçinin bildirilib ki, epilepsiya xəstələrinin dərman təminatı ilə bağlı hər hansı bir xüsusi Dövlət və ya Tədbirlər Proqramı mövcud deyil.
Qeyd edək ki, epilepsiya baş-beyinin xroniki xəstəliklərinə aiddir. Bu xəstəlik uşaqlıqdan etibarən istənilən yaşda meydana gələ bilər. Əsas aparıcı əlaməti tez-tez xəstədə epileptik tutmaların olmasıdır. Epilepsiya xəstəliyi dərmanlarla müalicə olunur. Dərman müalicəsi tutmaları 70% nisbətdə azalda bilir.
Gülnar Səlimova