Xəbər verdiyimiz kimi Azərbaycana giriş üçün COVID-19-a PCR testi ləğv olunub. Belə ki, bu Nazirlər Kabinetinin qərarına əsasən aprelin 15-dən icra olunacaq. Ölkədaxili uçuşlar zamanı da test tələb olunmayacaq.
Həmçinin sabahdan etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.
Məsələ ilə bağlı Ednews-a danışan millət vəkili Razi Nurullayev qərarı alqışladığını deyib:
“Bununla bağlı mən Milli Məclisin sonuncu plenar iclası zamanı çox sərt bir çıxış etdim və hesab edirəm ki, bu tip PSR testin ləğv olunması böyük uğurdur. Çünki insanlar Azərbaycana gələ bilmirdi, hava limanlarında nə qədər insan gözüyaşlı qalırdı. Bu, turizmin inkişafına ciddi maneçilik törədirdi. İndi quru sərhədlərin açılması vacibdir”.
Deputat Azərbaycanda ən böyük problemlərdən biri kimi quru sərhədlərin açılmasının gecikməsinin olduğunu vurğulayıb:
“On minlərlə insan hələ də Dağıstan sərhədində qalıb. Azərbaycanda turizm mövsümü artıq başlayıb. Otellər boşdur, Bakının küçələrində turist görə bimirik. Hər kəsin də təyyarəyə bilet alıb baha qiymətə ölkəmizə gəlmək imkanı yoxdur. Azərbaycana əsasən İrandan sərhəddi keçərək xeyli turistlər gəlir. Zamanında biz Novruz bayramı ərəfəsində küçələrimizdə on minlərlə xarici vətəndaş görürdük”.
R. Nurullayev həmçinin qeyd edib ki, ölkəmizdən çıxışla bağlı PSR testi tələbi isə bu və digər ölkənin tələbinə uyğun aparılır:
“Məsələn Türkiyəyə gediriksə orada test tələb olunmursa demək bizim ölkədən çıxmağımız üçün də heç bir yoxlanış yoxdur”.
Parlament təmsilçisi digər qadağalarla bağlı bildirib ki, artıq bütün dünya COVID pasportlarından imtinaya başlayıb:
“Xəstəlik sayı azalaraq pandemik dövrdən endemik tibbi fazasına keçib. Artıq xəstəliyi idarə edə bilirik, insanlar sağalır. Belədə pasportun məntiqsizliyi ortadadır. İnsanlar əvvəlki həyatına qayıtmaq isyəyir, iqtisadiyyat da canlanar.
Yəqin ki, bununla bağlı da qərar verilər”.
Gülnar Səlimova