May ayının 27-də Tovuzun Düz Qırıqlı kəndində intihar edən 17 yaşlı Elmir Aslanovun intihar etmə səbəbləri hələ də müəmma olaraq qalır.
Yaşadığı kəndin 1 saylı orta məktəbinin 11-ci sinif şagirdi olan E.Aslanov bir neçə gün əvvəl keçirilən buraxılış imtahanından 256 bal yığaraq yüksək nəticə əldə etməsinə baxmayaraq onun canına qıyması yaxınları tərəfindən də çox ağır qarşılanıb.
Hadisə ilə bağlı Düz Qırıqlı kənd orta məktəbinin direktoru Xatirə Xasıyeva Ednews-a danışarkən bildirib ki, məktəbin ən sevimli, nizam-intizamlı şagirdinin bu işə əl atmasına heç kəs inana bilmir.
“Elmir bizim məktəbin ən fəal şagirdi idi, məktəbdən böyükdən-kiçiyə hər kəs onun xətrinin çox istəyirdi. Həm davranışları, həm davamiyyəti, həm də dərsləri yerli yerində idi. Atası bir neçə il əvvəl vəfat edib, anası isə bizim məktəbdə coğrafiya müəlliməsidir. Hazırda pis vəziyyətdədir. Tək anası, qohumları yox elə məktəbin müəllim və şagird kollektivi də pis vəziyyətdədir. Onun bu cür hərəkət etməsinin səbəblərini bilmirik, buna hec cür inana bilmirik”.
Qeyd edək ki, Elmirgil ailədə 3 uşaq olublar. Məsələ ilə bağlı istintaq işləri aparılır.
Ləman Abbaslı