Millət vəkili Azər Badamov yol tikintisində müəyyən layihələrin keyfiyyətsiz icra olunmasından danışıb. O qeyd edib ki, dövlət büdcəsi hesabına həyata keçirilən layihələrə müvafiq orqanlar tərəfindən nəzarət gücləndirilməlidir.
Buna bariz nümunə olaraq Bakı – Quba yolunu göstərən millət vəkili Vahid Əhmədov da həmkarının fikirlərini bölüşüb. O, bu barədə Ednews-a açıqlaması zamanı bildirib.
“İllərdir biz tikilən yolların bir müddət sonra dağıldığını müşahidə edirik. Məsələn, Quba-Bakı yolunu 30 il əvvəl təmir edib təhvil veriblər, lakin hazırda o dağılıb və çox bərbad vəziyyətdədir. Bəzi layihələrdə belə problemlər olur. İcra edənlər müəyyən qazanc güdərək qaydalara əməl etmədikləri üçün bu problemlər yaranır. Belə hallara yol verən məmurların əməllərinin qarşısı alınmalıdır. Nəzarətin gücləndirilməsi əhəmiyyətlidir”.
Deputat yol çəkilişindəki müsbət məqamlara da toxunub:
“Son vaxtlar yol çəkilişində müsbət məqamlar diqqətimi cəlb edir. İndi daha çox diqqət Qarabağ bölgəsinin inkişafına yönəldilib. Aldığım məlumata görə, orada yol infrastrukturunun keyfiyyəti yüksəkdir”.
Nəqliyyat eksperti İlqar Hüseynli yol tikintisində beynəlxalq təcrübənin öyrənilərək ölkəmizdə tətbiqinin vacibliyini vurğulayıb:
“Yolların tikintisi zamanı mütəxəssislər tərəfindən ekspertizalar aparılmalıdır. Həmin ekspertizadan gələn nəticələrə əsasən qərar qəbul olunmalıdır. Yolların təhlükəsiz şəkildə formalaşdırılması üçün bu vacibdir. Həmçinin yaranan problemlərlə bağlı məsuliyyət daşıyan qurumlar müəyyənləşməlidir. Onların öhdəliklərini doğru şəkildə yerinə yetirməsi üçün də nəzarət mexanizmi olmalıdır”.
Xanlar Əlibəy