Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının baş müəllimi Ayaz Musayev vəfat edib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Ayaz Musayevin ölüm xəbərini təsdiqləyərək bildirib ki, baş müəllim uzun sürən xəstəlikdən bu gün vəfat edib. O, həmçinin mərhumun Badamdar qəbirtsanlığında dəfn ediləcəyini bildirib.
“Bu gün saat 13:00-da cənazə Təzə pir məscidindən götürüləcək və Badamdar məzarlığında dəfn ediləcək”.
Vüqar Zifəroğlu Ayaz müəllim haqqında xatirələrindən də danışıb.
“Ayaz müəllim hər birimizin-müəllimlərin, tələbələrin sevdiyi, hörmət etdiyi peşəkar idi. O, hər zaman tələbələrin yaddaşında reklam və marketinq fənnini tədris edən ən yaxşı müəllim kimi qalacaq. Dil-üslub normaları ilə bağlı Ayaz müəllim mükəmməl təcrübəyə malik bir jurnalist idi. Azərbaycanda rus dilli mətbuatla bağlı Ayaz müəllimin bir sıra araşdırmaları var. Bu hər birimiz üçün fakultəmiz üçün, jurnalistikamız üçün çox böyük itkidir“.
Söhbət əsnasında dekan son iki ili jurnalistika üçün itkili dövr adlandırıb.
“Biz iki il ərzində jurnalistika üçün ustad insanlar, araşdırmacılar itirdik. Keçən ilin yayı İlham Mazanlı, bu yay ustad Nəsir Əhmədli, indi isə Ayaz müəllim. Allah ustadlarımıza rəhmət eləsin. Ağır itkidir, nə demək olar...”
Qeyd edək ki, Ayaz Musayev 1947-ci ildə Bakı şəhərində anadan olub. 1970-ci ildə Azərbaycan Dövlət İncəsənət İnsitutunun teatrşünaslıq ixtisası üzrə bitirib. 1970-1972-ci illərdə Azərbaycan Jurnalistlər Birliyi, "Müxbir", 1973-1974-cü illərdə Azərbaycan Mətbuat Nazirliyinin "Kitablar aləmində" jurnallarında ədəbi işçi vəzifələrində çalışıb. 1974-2004-cü illərdə "İşıq" nəşriyyatında redaktor, böyük redaktor, redaksiya müdiri vəzifələrində işləyib. 1977-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 2004-cü ildən BDU-da Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasında müəllim işləyib.
Ləman Abbaslı