İyulun 30-u Azərbaycanda Məhərrəm ayı başlayır. Bu ayın başlanması ilə də ölkəmizdə ənənəvi olaraq “toy edəkmi, etməyəkmi” sualı ətrafında müzakirələr başlayır.
Bu aylarda Azərbaycanda toy şənlikləri keçirilməsi ziddiyətlərə səbəb olur. Çoxları düşünür ki, Məhərrəmlik ayında toyların keçirilməsi günahdır.
Məsələ ilə bağlı Hacı Şahin Həsənli Ednews –a açıqlamasında bildirib ki, bu aylarda toy edilməsi ilə bağlı heç bir qadağa yoxdur.
“Məhərrəmlik ayı Kərbala hadisələri ilə bağlıdır. Bu ayda peyğəmbərin nəslinə soyqırm törədilib. Məhərrəmlikdə toy edib – etməmək hər insanın könül işidir. Quranda bu məsələ ilə bağlı heç bir qadağa yoxdur”.
Məhərrəmlikdə toyların edilməsi ilə bağlı şadlıq sarayları ilə əlaqə saxladıq. Toyların əvvəlki aylara nisbətən az sayda olsa da keçirildiyini qeyd etdilər.
Xatırladaq ki, Azərbaycanda iyulun 30-u Məhərrəm ayının ilk günüdür. Məhərrəm ayının 10-u - Aşura günü isə avqustun 8-nə düşür. Aşura günündə ənənəvi qanvermə aksiyaları keçirilir.
Avqustun 28-i Məhərrəm ayı başa çatır, 29-dan isə Səfər ayı başlayır.
Aliyə İlyas