Forumda Azərbaycan, Gürcüstan, Finlandiya, Avstraliya, Cənubi Afrika, Norveç və Almaniyanı təmsil edən 70-dən çox yerli, xarici mütəxəssis və təhsil işçisi iştirak edəcək.
ADA universitetinin tədris üzrə prorektoru Vəfa Kazdal tədbiri açıq elan edib. O, həmçinin, məktəbəqədər hazırlığın insan həyatındakı vacibliyi haqqında danışıb. Liderlik anlayışının erkən yaşlarda uşaqlara düzgün aşılanmasının mühümlüyünü vurğulayıb.
Təhsil İnstitunun direktoru Rüfət Əzizov açıqlamasında məktəbəqədər təhsilin digər təhsil pillələrinə də ciddi təsir göstərdiyini bildirib. O, həmçinin, məktəbəqədər təhsilin son illərdə Azərbaycanda daha çox inkişaf etdiyini vurğulayıb. Rüfət Əzizov 18.000-dən çox müəllimin bu işə cəlb edildiyini bildirib.
"Məktəbəqədər təhsillə bağlı yeni proqramlar təsdiq olunub. Bugün artıq məktəbəqədər təhsil müəssisələrinə cəlb olunan müəllimlər xüsusi imtahan vasitəsilə müsabiqədən keçirlər",-deyə o, bildirib.
O bildirib ki, bu göstərici çox az müddətdə - 4 il ərzində əldə olunub və beynəlxalq təşkilatlar tərəfindən xüsusi ilə UNİCEF tərəfindən yüksək qiymətləndirilərək digər ölkələrə nümunə kimi göstərilir.
"2026-cı ilə qədər bütün 5 yaşlı uşaqların məktəbəhazırlıq kurslarına cəlb edilməsi, 1-5 yaşlı uşaqların ən azı 50 faizinin isə məktəbəqədər təhsil müəssisələrinə cəlbi nəzərdə tutulur. Təhsil İnstitutu tərəfindən hazırda məktəbəqədər təhsilə dair yeni metodologiyalar hazırlanmaqdadır".
PhD Elina Fonsen Jyväskylä Universitetinin dosenti Beynəlxalq Liderlik Araşdırma Forumu-nun məqsəd və vəzifələri haqqında məlumat verib. O, forumun uşaqlara öz ideya, təcrübə və biliklərini bölüşərək uğurlu gələcək qurmağa yönləndirdiyini deyib.
Nəzrin Beydiyeva