Bu gün “525”-ci qəzetin yaranmasından 30 il keçir. Qəzetin ilk sayı 1992-ci il noyabrın 17-də - Milli Dirçəliş Günü nəşr olunub.
Ednews “525”-ci qəzetin baş redaktoru Rəşad Məcidi yubiley münasibətilə təbrik edib və onun qəzetlə bağlı düşüncələrini öyrənib:
“30 yaş zəngin tarixdir. Müxtəlif nəsillər “525”-ci qəzetdən gəlib keçib. Biz qürur duyuruq ki, bu qəzetdə ilk yazıları çıxan nə qədər insanlar var ki, bu gün dövlət qurumlarında, müxtəlif vəzifələrdə, beynəlxalq təşkilatlarda, televiziyalarda çalışırlar. Həmişə də “525”i bir məktəb kimi yad edirlər. Yadımdadır, 10 illiyimiz bütün ölkədə çox maraqla qarşılanmışdı. Demək olar bütün spektri əhatə edən insanların toplandığı bir məclis olmuşdur. İndiyəcən də o barədə danışılır. 25 illiyimizi Bakı Dövlət Univesitetində keçirmişdik. O gün də unudulmazlardan olmuşdu”.
R.Məcid qəzetdə çap olunan müəlliflərə, oxuculara təşəkkürünü bildirib:
“Qəzetin 6 mininci sayını da işıqlandırdıq. Bu 6 min say həm də bir ömür, tarix deməkdir. “525”-ci qəzetdə ən müxtəlif Azərbaycan müəlliflərinin imzası çap olunub. Hamısına ayrı-ayrılıqda təşəkkür edirəm. Bu qəzetin ortaya çıxmağında yazıları olan müəllifləri, eyni zamanda sevərək oxuyan oxucularımıza da təbrik edirəm. O qədər oxucularımız var ki, indiyəcən bəlkə də “525”-ci qəzetin cildləri, nömrələrini yığıb saxlayırlar. Bu bizim üçün hər zaman xoş sürpirz olur”.
Oğuz Ayvaz