Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) spirtli içkilərin kütləvi istehlakı ilə bağlı əhalini diqqətli olmağa çağırır.
Bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayaraq insan sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan "işbaz"lara rast gəlinir.
Son vaxtlar AQTA tərəfindən keçirilən monitorinq zamanı marketlərdə xeyli sayda saxtalaşdırılmış müxtəlif növ spirtli içki aşkarlanıb. Belə ki, cari ilin noyabr ayı ərzində keçirilən yoxlamalar zamanı 8 ticarət obyekti və 3 ictimai iaşə müəssisəsində, ümumilikdə, 406 ədəd saxta alkoqollu içki aşkar olunub. Bununla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Adətən, belə məhsulların qablaşdırılmasında və markalanmasında uyğunsuzluqlar müəyyən edilir, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim olunmur.
Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin "1003 - Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.
Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər. Əhalidən xahiş olunur ki, ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirsinlər, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun sənədləri tələb etsinlər.