Əksər iş elanlarında təcrübə tələblərinə tez-tez rast gəlirik. İşəgötürənlər minimum 1-3, bəzən isə 5 ilə qədər iş təcrübəsi tələb edir. Təcrübə qazanmağa imkanlar yaradan müəssisələr isə demək olar ki, yox səviyyəsindədir. Bu da işaxtaranların ruhdan düşməsinə, potensiallı gənclərin inkişafdan qalmasına, ümumlikdə isə işsizliyin artmasına səbəb olur.
Bir çox müəssisələr niyə məhz təcrübəli işçi axtarır?
Məsələ ilə bağlı Ednews-a danışan hüquqşünas Sahib Məmmədov qeyd edib ki, bizneslə məşğul olan müəssisələr, özəl şirkətlər, bəzi büdcə təşkilatları işçi qəbul edərkən təcrübə tələb edir. Onun sözlərinə görə, özəl sektor cəmiyyət, öz işçiləri qarşısında korporativ məsuliyyət daşıyır.
“Şirkətlər işçilərin təcrübəsini artırır, onlara əlavə təhsil üçün vəsait ayırır. Təcrübəsiz işçi bir şirkət daxilində püxtələşəndən sonra oranı tərk edib başqa yerlərə üz tutur. Qanunvericilikdə işçinin inkişafına yönələn əlavə yatırımların qarşılığında onun müəssisə qarşısında məsuliyyətlərini əks etdirən mexanizmlər yoxdur. Ona görə də rəhbərlər təcrübəli işçi axtarışında olur. İşəgötürən işçiyə yatırım edirsə, onun qarşılığını tələb etmək hüququnda olmalıdır. Məsələn, Neft Şirkəti xaricdə əlavə təhsil almağa göndərdiyi şəxslərlə müqavilə bağlayır ki, onlar bir neçə il şirkət daxilində qalıb işləsinlər. Bir çox halda isə müəyyən nəzəri biliklərə sahib olan şəxs iş həyatına başlayanda bu bilikləri təcrübədə tətbiq edə bilmir, ən sadə tapşırıqların belə öhdəsindən gəlməkdə çətinlik çəkir. Bu halda işəgötürən onu işə qəbul edə bilmir”.
Hüquqşünas təcrübəli kadrların yetişməsində univetsitetlərin məsuliyyətindən də danışıb, qeyd edib ki, təhsil sadəcə nəzəriyyə demək deyil.
“Son illərdə bəzi ali təhsil ocaqları - İqtisadiyyat Universiteti, Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi tələbələrin universitet vaxtı təhsil almaqla bərabər, həm də təcrübə qazanmalarına, işçi kimi yetişmələrinə şərait yaradır. Universitetlər təkcə nəzəri biliklər verməklə kifayətlənməməli, praktikaya önəm verməlidir. Universitetlərdə öyrədilənlərin tətbiqi üçün tələbələrə şərait yaradılmalıdır ki, 4 ildən sonra onlar heç olmasa ixtisaslarına uyğun bəsit işləri görə bilsinlər. Proqramlaşdırma, İT, kompüter mühəndisliyi, neft-qaz, kimya mühəndisliyi, proseslərin avtomatlaşdırılması kimi ixtisaslar praktiki vərdişlər tələb edir. Peşə təhsilinin səviyyəsi artırılmalıdır, təhsilin istehsalatla əlaqələri genişlədilməlidir. Dünyada bəzi iri korporasiyaların təcrübəsindən yararlanmaq olar”.
Törə Zeynallı