“Yayılan müsahibəm 5 il bundan əvvəl olub. Niyə indi üzə çıxarırlar, başa düşə bilmirəm. Özüm də Bakıda deyildim, təzəlikcə şəhərə gəlmişəm. Bu barədə geniş danışmaq istəmirəm”.
Ednews xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə son iki gündə kənddən Bakıya gələn insanların urbanizasiya prosesini keçə bilmdəyi haqda dediyi sözlərə görə tənqid olunmasına münasibət bildirərkən deyib.
“Bakılı oğlanlar” komandasının keçmiş üzvü həmçinin qeyd edib ki, bu kimlərinsə qəsdən ortaya atdığı bir məsələdir.
“Sadəcə demək istəyirəm ki, kim nə istəyir etsin. Getsin, “Mirvari” kafesinin damına çıxsın, atəşfəşanlığa baxsın. Getsin, Üzeyir Hacıbəyovun heykəlinə qaloş atsın. Kim istəyir getsin, Hacı Zeynalabdin Tağıyevib heykəlinin təsbehini sındırsın. Mən nə edim? Mən artıq heç kimə heç nə deyən deyiləm”.
B.Bağırazdə söhbət əsnasında bildirib ki, hər zaman öz sözünü deməyi bacarıb, deyir və deyəcək də.
“Heç kimdən də çəkinmirəm. Çünki vətənimi sevən insanam. Tək Bakını yox, ümumiyyətlə Azərbaycanı, hər kəndimizi, hər rayonumuzu sevirəm. 30-cu illərdə babalarım, nənələrim dağ kəndlərindən Bakıya gəliblər. Amma onlar heç vaxt ağıllarına da gəlməyib ki, gedib hansısa restoranın kafesinin damına çıxsınlar. Yaxud da Üzeyir bəyin heykəlinə ayaqqabı atsınlar, küçədə söyüş söysünlər, biədəb formada özlərini aparsınlar. Belə şeylər biz görməmişdik. Son illər bu cür hallar baş verib. Mən çox üzülürəm bu məsələlərdən. Gələcək nəsil necə olacaq?! Necə onları tərbiyə edəcəyik. Söhbət bundan gedir”.
Oğuz Ayvaz