“Azərbaycanda içməli suyun qiyməti son zamanlarda kəskin artıb”.
Bunu Ednews-a açıqlamasında iqtisadiyyatçı ekspert Natiq Cəfərli ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyət haqqında danışarkən deyib.
"Ölkədə komunal xidmətlərin rəhbərləri mütləq maya dəyəri haqqında söhbət apararkən vətəndaşlara hörmət edib, məlumatlandırmalıdırlar. Maya dəyərinin necə hesablanması ilə bağlı vətəndaşa məlumat verilməlidir. Bəlkə elə qiyməti artırmadan xərcləri azaltmaq yolu ilə maya dəyərini aşağı salmaq olur. İqtisadiyyatın öz qaydaları var. Amma nədənsə, bəzi qurumlar iqtisadi maraqdan çox öz maraqlarını üstün tuturlar. Məncə, qiymətin artırılması üçün heç bir lüzum yoxdur. Sadəcə yanaşma düzgün olunmalıdır".
Xatırladaq ki, son tarif tənzimlənməsi 2021-cı il fevralın 1-də aparılıb. Belə ki, bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub.
Aysel Şahmar