"Notion" (Danimarka: Afsæt) Danimarka tələbə təşkilatının 25 tələbədən ibarət nümayəndə heyəti Bakıya səfər edib.
Nümayəndə heyəti əsasən Şərqi Avropaşünaslıq, Politologiya, Psixologiya, Coğrafiya, Hüquq və Antropologiya təhsil alan tələbələrdən ibarətdir.
Tələbələrin səfərinin əsas məqsədi Azərbaycanı daha da yaxından tanımaq, onun mədəniyyəti, tarixi, təhsil və digər sahələrini ilə yaxından tanımaq olub.
Ednews xəbər verir ki, səfər çərçivəsində Danimarkanın Kopenhagen Universitetinin tələbələri Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisinin qonağı olub. Onlar fondun proqram departamentinin əməkdaşları ilə görüşüblər. İlk olaraq, qonaqlara Azərbaycanın çətin dönəmlərində yaradılan beynəlxalq statuslu qeyri-hökumət təşkilatının bu günə qədər olan fəaliyyəti barədə məlumat verilib.
BAMF-ın əməkdaşları həmçinin qonaqlara təşkilatın yaranması ilə bağlı 90-cı illərin əvvəlində Azərbaycanda, o cümlədən Qafqaz və post-Sovet məkanlarında obyektiv informasiyaya duyulan ehtiyacdan bəhs edib.
Tələbələr fondun beynəlxalq fəaliyyəti ilə yaxından tanış olublar.
Daha sonra onlar fondun 30 illik yubileyinə həsr olunan sənədli filmi izləyiblər.
Sonda xatirə fotosu çəkilib.
Aysel Şahmar