Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova erkən nikah halları ilə bağlı yeni təklif irəli sürüb.
Ednews xəbər verir ki, o, feysbuk hesabında etdiyi paylaşımda bildirib ki, son zamanlar erkən nikah xəbərlərindən sonra müvafiq qurumlar tərəfindən dərhal araşdırma aparılır. Hətta araşdırma xəbərdən 5-10 dəqiqə keçməmiş başlayır. Bu da müsbət haldır.
“Digər bir məsələ, araşdırmadan sonra müəyyən olunur ki, ərə verilən qız çox az halda aşağı yaşda olur. Təqribən 17, 18-ə yaxın yaşlarda olduğu aydınlaşır. Bu yaxşı haldır, deməli, əhali qanundan xəbərdardır. Hətta icra hakimiyyətlərinə müraciətlər olur, onlar da məsələyə baxıb, toya xeyir-dua verirlər, bu da çox yaxşı. Zatən əksər hallarda ərə gedən qızın özünün bir başa istəyi də nəzərə alınır. Bəs daha sonra nə baş verir? Tutaq ki, qız da razıdır, oğlan da. Qız gələcəklə bağlı heç bir perspektiv görmür, "sevgi" onun üçün xilas gəmisidir. Gəmi dənizin ortasına çatanda fırtına başlayır, ərə gedən qıza isə xilas kəməri verən olmayıb, sevgi emosiyaları bitib. Çıxış yolu da bilmir. Nə etməli? Təklif edirəm ki, bu cür qızlar üçün inkişaf proqramları hazırlansın. İcra Hakimiyyətləri mütləq bu proqramların tərtibində məsul tərəf, Komitə isə nəzarət edən tərəf olsun. Nikah müqaviləsi könüllü yox, məcburi olsun. Bir halda ki, “Allah xeyir versin”i İcra Hakimiyyətləri deyir, o halda bu qızlar üçün proqamı da onlar hazırlasın. Yoxsa sığınacaqlar fəaliyyətini heç vaxt dayandıra bilməyəcək! Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Milli Məclis təklifimə dəstək verin xahiş edirəm”, - deyə M.Zeynalova qeyd edib.
Törə Zeynal