“Şəki Xan Sarayını ziyarət etdik. Bu, Azərbaycan tarixinə yeni baxışdır”.
Bunu Ednews-a açıqlamasında “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz qədim Şəkiyə səfərinin təəssüratlarını bölüşərkən deyib.
“Azərbaycanın şərəfli tarixi var. Ən çox diqqətimi çəkən məqamlardan biri Sarayın divar rəsmləridir. Bu rəsmlər arasında ağzında gül təsvir edilən əjdaha şəkli var. Mən bu rəsmləri Asiyanın uzaq diyarlarında olan digər qədim miflərlə əlaqələndirirəm. Bu divar rəsmləri çox gözəl idi. Onlar bizə tarixin bir hissəsini tanıtdı. İstənilən səyahətçi bu ifadəli obrazlarla Azərbaycan tarixinə aid məlumatlar əldə edə bilər”.
Əhməd Məhfuz əlavə edib ki, “Əl-Cəzirə Sənədli filmlər” departamenti bu qədim saray haqqında, həmçinin Azərbaycan tarixinin digər önəmli hadisələri və erməni işğallarını əks etdirən sənədli filmlər çəkməyi planlayır.
Qeyd edək ki, “Əl-Cəzirə” Media Şəbəkəsinin əsas qollarından biri olan “Əl-Cəzirə Sənədli filmlər” departamentinin icraçı direktoru Əhməd Məhfuz və Planlaşdırma və Tərtibləmə şöbəsinin rəhbəri Adel Ksiksi Beynəlxalq Avrasiya Mətbuat Fondunun dəvəti ilə Azərbaycana səfər ediblər.
Törə Zeynal