Xəbər verdiyimiz kimi, iyunun 16-da Avropa İttifaqı (Aİ) və ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) ANAMA, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Minalar üzrə Məsləhət Qrupu (MAG) ilə birgə tərəfdaşlıqla həyata keçirdiyi “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) imkanlarını artırmaqla məcburi köçkünlərin təhlükəsiz qayıdışına dəstək” layihəsinin açılış mərasimi keçirilib.
Ednews xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Tərtər Regional Peşə Təlim Mərkəzində baş tutan açılış mərasimində ANAMA, Aİ, BMTİP, ABŞ səfirliyi, BAMF və MAG təşkilatının nümayəndələri iştirak ediblər. Tədbirdə ANAMA-nın İdarə heyətinin sədri Samir Poladov, BAMF-ın prezidenti Umud Mirzəyev, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəsmisi Oana Yudris, ABŞ Səfirliyinin Siyası məsələlər üzrə müşaviri Filip Tişu iştirak ediblər.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) rəhbəri Umud Mirzəyev Azərbaycanın dövlət kanalına (AzTv) müsahibə verib. O, BAMF-ın fəaliyyətindən, yeni yaradılan mina qrupundan, ANAMA-ın dəstəyindən məlumat verib.
Qeyd edək ki, Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması ilə fərqlənən bu layihə çərçivəsində 3-ü tamamilə qadınlardan ibarət olmaqla ümumilikdə 4 minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub. Bu gündən etibarən təlimlər start götürəcək və 6 həftə davam edəcək təlimlərdə elan edilmiş müsabiqə əsasında ölkənin müxtəlif bölgələrindən seçilmiş 40 nəfər qadın iştirak edir. Təlimləri uğurla başa vuran qadınlar ANAMA tərəfindən akkreditasiya ediləcək və sahə əməliyyatlarına başlamaq üçün Beynəlxalq Minatəmizləmə Standartlarına uyğun sertifikatla təltif olunacaqlar.