Son zamanlar avtomobil bazarında durğunluq yaşanır. Buna səbəb kimi isə süni qiymət artımı göstərilir. Hazırda bazarlarda avtomobil satan çox, alıcı isə azdır.
Lakin şəhərdə o tərəf bu tərəfə şütüyən avtomobillərə və günün istənilən saatında yollarda yaşanan sıxlığa baxdıqda isə bunun tam əksini düşünmək olar.
Bəs hazırda avtomobil bazarında nələr yaşanır?
Məsələ ilə bağlı Ednews-ə danışan ekspert Ağa Dadaşzadə qeyd edib ki, təəsüflər olsun ki hazırda bu sferada vəziyyət heç ürək açan deyil. Onun sözlərinə görə, süni qiymət artımı müşahidə olunur.
“Çoxu qiymət artımını iqtisadi məsələlərlə əlaqələndirirlər. Amma bu fikir o qədər də düzgün deyil. Təsəvvür edin hazırda 2001-ci il istehsalı olan “Opel” markalı avtomobil 8-9 min manata satılır. Hətta digər reklamı yaxşı olan yerlərdə qiymət 10-11 min və daha çox təşkil edə bilir. Bu çox absurd qiymətlərdir. Çünki həmin maşınların artıq istismar müddəti keçib. Alıcı 10 min məbləğində 2005 ci il markalı avtobil alacaqsa nəzərə almalıdır ki, onun ən az 3-4 min manat xərci var”.
Ekspert istismar müddəti bitmiş avtomobillərdən də danışıb. O, qeyd edib ki, hazırda yerli bazarlarda Avropada istifadəsi qadağan olunan avtomobillər var.
“Bəzi avtomabillər var ki, xarici ölkələrdə istifadə olunub və istismarı bitdikdən sonra Azərbaycana gətirilib. Göründüyü kimi həm avtomobilin artıq xərci olmasına baxmayaraq baha satılıb, həm də istismarını tamamladıqdan sonra satışa çıxarılıb. Eyni zamanda avtomabillər var ki hətta istismar müddətini belə tamamlamasına baxmayaraq, çox baha qiymətə alıcıya təqdim olunur”.
Kazımlı Rübabə