İyul ayının 18-i Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi təsis olunmasının 25-ci ildönümü qeyd edir.
Ednews xəbər verir ki, bu münasibətlə ANAMA-nin İdarə Heyətinin sədri Vüqar Süleymanov həmkarlarına təbrik məktubu ünvanlayıb.
“Sizi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin yaradılmasının 25 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, cəsarətli fəaliyyətinizdə uğurlar arzulayıram.
Müstəqil dövlətçilik tariximizdə öz yeri olan, işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına töhfələr verən ANAMA, 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq Sərəncamı əsasında yaradılmışdır. 25 illik fəaliyyəti dövründə Agentlik mina təhlükəsi ilə mübarizə istiqamətində bir sıra böyük layihələrin icrasında, yerli və beynəlxalq qurumlarla birgə fəaliyyətində əhəmiyyətli rola sahibdir.
2020-ci ilin noyabr ayında Ali Baş Komandanın rəhbərliyi, Azərbaycan ordusunun rəşadəti, xalqımızın birliyi və həmrəyliyi nəticəsində ərazilərimizin Ermənistan tərəfindən işğalına son qoyuldu. Bununla da Agentliyin qarşısında yeni vəzifə, öhdəliklər və böyük məsuliyyət yer aldı. Agentliyin texniki imkanları, insan resursları, eləcə də əməliyyat metodları inkişaf etdirildi.
Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də regionda sülh və əminamanlığın bərpası və davamlı inkişafına öz müsbət töhfəsini verir.
Bu fəaliyyətdə hər bir ANAMA əməkdaşının fədakar əməyi vardır.
Bir daha bütün ANAMA kollektivini təbrik edir, şərəfli, qürurlu və məsuliyyətli fəaliyyətimizdə hər birimizə uğurlar arzu edirəm!”