“Beynəlxalq Avrasiya Mətbuat Fondu 1992-ci ildən konfilikt bölgələrdə sülh, obyektiv informasiya və müxtəlif regional və qlobal münaqişələrin dinc yolla həll olunması istiqamətində töhfə vermək məqsədi daşıyan təşəbbüsüdür. Dünyada ölkələr həll olunması vacib sosial, iqtisadi, siyasi, etnik və bir sıra digər konfliktlərlə qarşı-qarşıyadır. Yalnız münaqişələr həll olunduğu təqdirdə insanlar heç bir qorxu və təhlükə olmadan sülh şəraitində yaşaya bilərlər”.
Bu sözləri Ednews-a BAMF prezidenti Umud Mirzəyev deyib. Onun sözlərinə görə, təşkilatın yaradılmasının əsas məqsədi münaqişə bölgələrinə, konflikt zonalarına beynəlxalq jurnalistlərin, diplomatların səfərlərini təşkil etmək və həmin ərazilərdən obyektiv informasiya yaymaq olmuşdur:
“BAMF 2007-ci ildə BMT-nin İqtisadi Sosial Şurasının QHT (ECOSOC) bölməsinin Xüsusi məşvərətçi statusunu, 2014-cü ilin yanvarında isə Əsas Məşvərətçi statusunu qazanmışdır. Xüsusilə qeyd olunmalıdır ki, BAMF post-sovet regionunda bu statusa yiyələnən yeganə təşkilatlardan biridir. Artıq BAMF 30 ili arxada qoyub. Bu illər ərzində böyük işlər, layihələr həyata keçirmişik. Geridə qoyduğumuz üç onillik ərzində fondun öz məram və vəzifəsinə uyğun olaraq həyata keçirdiyi bütün tədbirlər birmənalı qaydada Azərbaycanda, regionda və eləcə də dünyada gedən proseslərlə sıx bağlı olmuş və dünya xalqlarının rifahının, tərəqqisinin artmasına, sabitliyə və hərtərəfli inkişafa əsaslanmışdır. BAMF 30 il sülh naminə bir çox ciddi işlər görüb”.
Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun 2022-ci ildə 30 illiyi tamam oldu. 30 illiklə bağlı sənədli filmi təqdim edirik.
Oğuz