Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik.
2021-ci ilin göstəricilərinə görə, Azərbaycanda doğulan hər 100 qıza 116 oğlan düşürdü. 2022-ci ildə isə bu rəqəm müvafiq olaraq 100 qız, 112 oğlan təşkil edib. Bioloji normaya görə isə yenidoğulmuşların cins nisbətində hər 100 qıza 102-106 oğlan düşür. Artıq bir neçə ildir ki, bu norma pozulub.
Azərbaycan qanunvericiliyinə əsasən, cinsə görə abort qadağan olsa da, görünən odur ki, bu sahədə işlək mexanizmin olmaması ölkəni böyük demoqrafik problemlə üz-üzə qoyub. Qanuna görə, 12 həftəyə qədər hamiləlik ananın istəyi ilə sonlandırıla bilər. 12 həftədən 22 həftəyə qədər ailənin sosial vəziyyəti nəzərə alınmaqla aborta yol verilir. 22 həftədən sonrakı dövrdə isə yalnız ananın sağlamlığı nəzərə alınaraq tibbi göstərişə əsasən abort icra oluna bilər.
Niyə oğlan uşaqlarına daha çox üstünlük verilir?
Bu barədə Ednews-a sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, Əvvala, bu qədimlərdən gələn adət-ənənəyə uyğundur:
“O zamanlar, oğlan uşağı həm nəslin davamçısı, həm torpaqların müdafiəçisi, idarəetmə işlərini yaxşı bilən, qəhrəman, həm evi maddi olaraq təmin edən (ovçu, ticarətçi, əkinçi, fəhlə və başqa işləri daha yaxşı bacaran) və s. ağır işlərin öhdəsindən gələn adam kimi qəbul olunurdu. İndi də bu amillərin öz təsiri var. Eyni zamanda, indiki zamanda lazımi maarifləndirmə işi lazımi səviyyədə aparılmır”.
Oğuz