Bakıda əhalinin sıxlığı artdıqca şəhərin nəqliyyat infrastrukturu buna tab gətirmir. Şəhərin hər bir nəqliyyat növündə növbə və sıxılıq mövcuddur. İctimai nəqliyyat, əsasən metro və avtobuslar əhalinin təlabatını ödəmədiyi üçün avtomobil yollarında daim tıxaclar əmələ gəlir. Bu sahədə hansı tədbirlər görülməlidir?
Bu barədə Ednews-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov, şəhərdəki nəqliyyat sisteminin gərgin vəziyyətini açıqlayıb.
“Bakı şəhərinin əhalisi günü-gündən artır və təbii ki, şəhərin hər sahəsində insan sayına uyğun yeniliklər aparılmalıdır. Nəqliyyat əhalinin gündəlik istifadəsinin əsas bir hissəsidir. Demək olar ki hər gün insanlar nəqliyyat vasitələrindən istifadə edə bilmək üçün lazmından artıq gözləyirlər. İnsanların nəqliyyatdan rahat şəkildə istifadə edə bilməsi və vaxt dəqiqliyinin artırılması əhalinin həm mənəvi, həm də maddi baxımdan rahatlamasına yol açır”.
Vaxt dəqiqliyinin vacibliyindən danışan ekspert, yolların axıcı olması üçün hər kəsin üzərinə məsuliyyət düşdüyünü də vurğulayıb.
“Bu baxımdan düşünürəm ki, nəqliyyat şaxələndirilməlidir. Marşruta buraxılan avtobusların və qatarların sayının artırılması bu yolda atılacaq ilk addım ola bilər. Beləcə, şəhər əhalisinin nəqliyyat təlabatı ödənilə bilər. Marşrutlar arasındakı vaxtın, bəzən çox uzun olması və konkret vaxt sisteminin dəqiq tətbiq edilməməsi yollarda sıxlıqa səsəb olur.
Yollarda tıxacların qarşısının alınması yeni yolların çəkilməsi ilə həyata keçirilə bilər. Lakin, bu barədə problemin əsas həlli hər birimizin üzərinə düşür. Hər birimiz yollarda məsuliyyətli davranmalı və tıxac yaradacaq hər hansı addımdan qaçınmalıyıq. Sürücülərin və piyadaların məsuliyyətsizliyi yollarda qəzalara səbəb olur ki, bu da öz növbəsində nəqliyyat vasitələrinə maneə olur.
Fərid Axundov