Noyabrın 9-da uzunsürən xəstəlikdən sonra 74 yaşında vəfat edən ehtiyatda olan general-mayor Mahmud Həmid oğlu Həmzəyev İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Ednews xəbər verir ki, dəfn mərasimində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və Müdafiə Nazirliyinin digər rəhbər heyəti, mərhumun ailə üzvləri, yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ehtiram ənənələrinə uyğun olaraq hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, M.Həmzəyev yaylım atəşləri altında son mənzilə yola salınıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Tabut üzərindəki üçrəngli Dövlət Bayrağı əbədi xatirə kimi saxlanılması üçün mərhumun ailəsinə təqdim edilib.
Mərasimdə M.Həmzəyevin həyat və xidmət yolu haqqında danışılaraq bildirilib ki, o vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif orden və medallara layiq görülüb.
Vurğulanıb ki, general-mayor M.Həmzəyevin əziz xatirəsi Azərbaycan Ordusunun şəxsi heyətinin və onu tanıyanların qəlbində daim yaşayacaq.
Qeyd edək ki, Mahmud Həmzəyev Beyləqan korpusunun komandiri olub. O, 31 yanvar 1949-cu ildə Qazax şəhərində anadan olub.
2002-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə general-mayor hərbi rütbəsinə layiq görülüb. 24 iyun 2003-cü ildə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. 2010-cu ilin əvvəllərində öz xahişi ilə ordu sıralarından tərxis olunub.