Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq. Yeni salınacaq Qiyaslı kəndinə 2546 nəfərin köçürülməsi üçün 656 fərdi yaşayış evi tikiləcək.
Ednews xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Ağdama səfəri zamanı Qiyaslı, Salahlı Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub.
"Qiyaslı kəndində 656 fərdi yaşayış evi, Salahlı Kəngərlidə 150 fərdi yaşayış evinin, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evinin inşası nəzərdə tutulub. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olacaq. Ərazidə qeyri-yaşayış obyektlərinin də inşası planlaşdırılıb. Burada klub-icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin inşası nəzərdə tutulub".
Bəşir Hacıyev qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib.
"Cənab Prezident tərəfindən təməli qoyulan, Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb. Fərdi yaşayış evlərinin inşasına start verilib. İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanılacaq. Həmçinin, qeyri-yaşayış obyektlərinin inşasının başlanması gözlənilir".