“Ölkəmizdə keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı. Artıq bülletenlərin sayılmasına başlanılıb. Seçkilərdə Beynəlxalq Avrasiya Mətbuat Fondu 4 regiondan koordinasiya olundu. Bunlar Bakı, Tərtər, Beyləqan və Füzuli idi. Gün ərzində BAMF-ın müşahidəçi komandası missiyalarını peşəkarcasına yerinə yetirdilər”.
Bu sözləri Ednews-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərinin başa çatması ilə bağlı fikir bildirərkən deyib. Onun sözlərinə görə, BAMF-ın müşahidəçi komandası məntəqələrin açılış mərhələsindən, qutuların bağlanması prosesində iştirak etməklə müşahidə missiyasına başladılar:
“Müşahidəçilər seçki ərəfəsi təlimlərdə iştirak etmiş, hüquq və vəzifələrini mənimsəyən peşəkarlar idi. Seçkidən öncə müşahidəçilərin rahat kommunikasiyaları üçün şəbəkə yaradılmışdı. Burada seçki ilə bağlı məsələlər, proseslər mütamadi olaraq müzakirə edilirdi. Bu günkü seçkilərdə də qrup üzvləri müşahidə etdikləri seçki məntəqələrindən informasiyalar, məlumatlar ötürüblər. Müşahidəçilərimiz gün ərzində müxtəlif dairələrdə, məntəqələrdə müşahidə aparıblar. Seçki fəallığı, seçkinin şəffaf və obyektiv keçirilməsini müşahidə ediblər. Müşahidələr əsasında seçkilərdə nəticələrə təsir edəcək heç bir ciddi qanun pozuntuları qeydə alınmayıb”.
U.Mirzəyev həmçinin qeyd edib ki, əvvəlki seçkilərdən fərqli olaraq seçicilərin aktivliyi nəzərəçarpacaq dərəcədə yüksək olub:
“İlk dəqiqələrdən etibarən açılışında iştirak etdiyimiz və müşahidə apardığımız 25 məntəqənin hər birində izdiham müşahidə olunub. Səhər saatlarından başlayan bu izdiham ən az 2-2.5 saat müddətində davam edib. Hətta bəzi məntəqələrdə seçicilərin sıxlığı 5-6 saatdan çox davam edib. Məntəqələr üzrə qeydiyyatda olan seçici sayı statistikası üzrə iştirak edənlərin sayı seçkilərin sonuna artıb. Müşahidələr onu göstərir ki, bəzi məntəqələrdə 85-90%-ə qədər seçici fəallığı izlənilib. Xüsusilə, məcburi köçkün qəsəbələrində və işğaldan azad edilən ərazilərdə yerləşən məntəqələrdə müşahidə olunan seçici fəallığı özünü göstərib və müşahidəçilərin qeydləri arasında öz əksini tapıb”.
Qeyd edək ki, BAMF növbədənkənar prezident seçkiləri ilə bağlı hesabatını fevralın 8-də, saat 16:30-da təşkilatın baş ofisində mətbuat konfransı keçirərək ictimaiyyətə təqdim edəcək.
Oğuz