Günümüzdə ən çox istehlak olunan fast-food yeməklərindən biri dönərdir. İnsan sağlamlığına kifayət qədər zərər vursa da bu məhsula tələbat hələ də yüksəkdir. Bəs dönər hazırlanarkən hansı qaydalara əməl olunmalıdır? İnsanlar dönər alarkən nələrə diqqət etməlidir?
Qida mütəxəssisi Ağa Salamov məsələ ilə bağlı Ednews-a açıqlamasında bildirdi ki, toyuq dönərindən zəhərlənmə halları tez-tez baş verir. Toyuq da digər ətlər kimi risk qrupuna daxildir. Salmonella bakteriyası nəticəsində zəhərlənmə ola bilər.
“Düzgün şərtlər altında daşınmayanda, saxlanılmayanda, emal olunmayında və təqdimatı düzgün olmayanda o zaman qida zəhərlənməsi baş verə bilər. Toyuq əti riskli məhsul olduğuna görə 48 saatdan 72 saata qədər +2 dərəcədən +4 dərəcəyədək temperaturda saxlanıla bilər. Əgər toyuq ətini uzun müddətə saxlamaq istəyiriksə, onu dərin dondurucuda -18 dərəcəyədək temperaturda saxlamaq lazımdır. Ümumiyyətlə, toyuq məhsullarının mənşəyi məlum olmalıdır. Yəni dönərxanalar o toyuqları hardan aldıqlarını bilməlidirlər. İkincisi, toyuqlara baytar nəzarəti və sertifikat olmalıdır”.
Ekspert onu da qeyd etdi ki, çox vaxt dönərxanalarda müştəri çox olur.
Toyuğu yaxşı bişirmirlər. Tam bişməyən toyuğu da müştəriyə verəndə zəhərlənmə baş verə bilər.
“Mayonez də düzgün şərtlər ilə saxlanmalıdır. Mayonezdə riskli məhsuldur. Qoyun, mal ətindən zəhərlənmə ölümə səbəb olmaya bilər, amma toyuqdan zəhərlənmə daha çox ölümə səbəb ola bilər”.
Aynurə İsmayıl