“Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Ermənistana səfəri gözlənilir. Ermənistan-Rusiya münasibətlərinin gərginləşməsi fonunda baş tutan bu səfər rəsmi Yerevana təzyiqlərin başlanğıcından xəbər verir”.
Eurasia Diary Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloq qeyd edib ki, keçən həftə Moskvaya gedən Baş nazir Nikol Paşinyanın Prezident Vladimir Putin tərəfindən qəbul edilməməsi təzyiq mesajı kimi qiymətləndirilə bilər:
“Habelə Putin bununla Paşinyana çatdırmaq istəyir ki, innən sonra danışmağın heç bir mənası yoxdur. Lakin Moskvada Putinlə görüş Paşinyan üçün vacib ola bilərdi, amma Putin bu fürsəti ona vermədi. Artıq ermənilərin Rusiyadakı əsas maliyyə mənbələrinə Ermənistana pulların göndərilməsini dayandırmaq tapşırığı verilib. Bu da o deməkdir ki, Kremllə yanaşı, Rusiyadakı erməni diasporası və lobbisi də Paşinyana qarşı hərəkətə keçib.
Onu da deyim ki, Karasin emosional və açıq şəkildə təhdidedici ritorikaya malikdir. Buna görə də Kreml Paşinyanı Karasin vasitəsilə başa salmağa çalışır. Bundan başqa, Qarabağdakı separatçıların Paşinyana qarşı sərt mesajlarının arxasında da Moskvanın dayandığı istisna deyil”.
Məhəmməd Əsədullazadə bildirib ki, Karasinin ilk növbədə Yerevanda Ermənistanın yeni hakimiyyətindən keçmiş prezident Robert Köçəryanın azad edilməsini tələb edəcək:
“Digər yandan, o, Rusiya ilə münasibətlərin gərginləşməsinin Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu Paşinyanın diqqətinə çatdıracaq. Üçüncü tərəfdən isə, “Qarabağ klanı”na qarşı təzyiqlərin dayandırılmasını tələb edəcək. Çünki Moskvanın Ermənistana əsas “siyasi dəyəyi” olan bu klanın meydan uzaqlaşması, Paşinyanın əl-qolunu açır. Bu baxımdan, Karasin Yerevanda Paşinyanı ənənəvi təzyiq vasitəsilə - “Qarabağ kartı” ilə təhdid edə bilər”.