Erməni əsgərin ağ bayrağı - Fərarilərin sayını necə artıra bilərik? | Eurasia Diary - ednews.net

10 Dekabr, Çərşənbə axşamı


Erməni əsgərin ağ bayrağı - Fərarilərin sayını necə artıra bilərik?

Ekspert rəyi A- A A+

"Ermənistan hərbçisi Dağlıq Qarabağda ona qarşı edilən işgəncələrə dözməyərək ağ bayraq qaldıraraq təmas xəttinin Azərbaycan ordusunun nəzarətindəki hisssəsinə keçərək təslim olub. Belə hallar keçmiş illərdə də bir neçə dəfə olub. Ancaq bu hadisənin hazırki təsiri başqadır".

Eurasia Diary xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb.

Elxan Şahinoğlunun fikrincə, bu fərarilik erməni ordusunda vəziyyətin əvvəlki kimi dözülməz həddə olduğunu göstərir: "Erməni hərbçi işgəncəyə dözməkdənsə, silahını uzatdığı düşmənə təslim olmaya üstünlük verir. Zorla xidmət edənlərin sayı çoxdur.

İkincisi, səhv etmirəmsə, bu hadisə Nikol Paşinyanın Ermənistanda hakimiyyətə gəldiyi gündən bu yana rəsmən qeydə alınan ilk fərarilik hadisəsidir. Erməni saytlarının tamamı işgəncə ilə əlaqəli hərbçilərinin fərarilik etdiyini təsdiq ediblər. Son hadisə Nikol Paşinyanın orduda keyfiyyət dəyişikliyinə səbəb ola bilməməsinin göstəricisidir və bunu özü də anlayır. Anlamasaydı Xankəndinə gəlmədən öncə “iflasa uğramışıq” ifadəsini işlətməzdi.

Üçüncüsü, son hadisə İrəvanda fəal olan “əsgər anaları” komitəsinə yeni mövzu verir. Bu komitəyə başqa mövzu da vermək olar: “Övladlarınızın ölməsini və işgəncə görməsini istəmirsinizsə, Dağlıq Qarabağa göndərməyin!”

Ermənistan öz hərbçisinin geri qayıtmasını istəyə bilməyəcək. Çünki hərbçisi əsir götürülməyib, özü könüllü olaraq bizim tərəfə keçib. O bunu işgəncələrdən qorunmaq və Dağlıq Qarabağda xidmət keçməmək üçün edib. Bu həm Paşinyanın, həm də Ermənistan ordusunun nüfuzuna yaxşı zərbədir.

Fikrimcə, ağıllı siyasət yürütsək erməni ordusunu tərk edib biz tərəfə şütüyənlərin sayını artıra da bilərik. İkinci Dünya müharibəsində qarşı tərəflər həm bir-birinə qarşı səsgücləndiricilərin imkanlarından istifadə edərək təslim olmağa və ölməməyə çağırır, həm də qarşı tərəfə onların dilində yazılı mətnlər yayırdılar. Erməni hərbçinin ağ bayraqla biz tərəfə keçidi və gördüyü işgəncələrin görüntüləri informasiya müharibəsində işimizə yaradı. Növbəti mərhələdə həmin hərbçinin işgəncə etiraflarını və Azərbaycan tərəfdə özünü daha güvənilir hiss etdiyini internetdən yayınlamaq lazımdır".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...