Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu (ASO) bu dəqiqələrdə Suriyanın İdlib şəhərinə daxil olub.
Əməliyyatın əsas hədəfi “Həyat Təhrir Şam” adlı terror təşkilatını bu bölgədə məhv etməkdir.
Xatırladaq ki, Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun Həmzə Bölüyü Suriyanın şimal hissəsindən geri çəkilərək iki gün əvvəl Hələbin şimalındakı Bab Səlamə üzərindən Türkiyəyə girib. Türkiyənin Hatay vilayətinə keçən Həmzə Bölüyü Reyhanlı yaxınlığındakı Bab-i Hava sərhəd qapısından keçərək dünən axşam İdlibə doğru yola çıxıb.
Bununla paralel olaraq Türk Silahlı Qüvvələrinin minlərlə əsgəri Hataydan İdlibə hərəkət ütmək üçün hazır vəziyyətə gətirilmişdi.
Bundan başqa, Rusiya qırıcıları da İdlib səmalarında “Həyat Təhrir Şam” terror qrupuna aid nöqtələri və silah anbarlarını məhv etmək üçün səmaya qalxıb.
Xatırladaq ki, Suriyanın İdlib şəhərində təhlükəsizlik zonası yaratmaqla bağlı bu ilin sentyabrında Astanada İran, Rusiya və Türkiyə arasında razılıq əldə edilib. Razılaşmaya əsasən, Türkiyə İdlib daxilində, Rusiya isə şəhər ətrafında təhlükəsizliyi təmin etməlidir.(teleqraf.com)