İctimai dəstəyə görə ABŞ prezidenti postuna Respublika partiyasından namizəd olmağa iddialı milyarder Donald Tramp seçkiqabağı yarışın favoriti, demokrat Hillari Klintonla arasındakı fərqi minimuma endirib. Bu, Corc Vaşinqton adına Universitetin mütəxəssisləri tərəfindən aparılan və aprelin 25-də dərc edilən sosioloji sorğunun nəticələrində əksini tapıb.
Sorğunun nəticəsinə əsasən, bu şərtlərlə Klinton və Tramp prezident seçkisində üz-üzə gəlsə, seçicilərin 45 faizi birinci, 43 faizi ikinci namizədi dəstəkləyəcək. Sorğu iştirakçılarının 11 faizi isə suala cavab verməkdə çətinlik çəkdiyini bildirib.
Demokratların düşərgəsində Klintonun rəqibi, Vermont ştatından olan senator Berni Sandersin isə prezident seçkisində Trampı məğlub etmək şansı bir qədər çoxdur. Bu halda rəyi soruşulanların 51 faizi senatora, 40 faizi isə milyarderə səs verəcəyini qeyd edib.
Sorğu səs vermə hüququ olan və seçkilərdə iştirak etməyə hazırlaşan min respondent arasında keçirilib.
Xatırladaq ki, respublikaçılardan Ağ evin başçısı postuna rəsmi namizəd bu il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək partiya qurultayında, demokratların rəsmi namizədi isə iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində keçiriləcək analoji forumda irəli sürüləcək.
"Azərtac"