19 Sentyabr 28 Avropa ölkəsinin lideri Avstriyanın Zaltsburq şəhərində miqrasiya ilə bağlı qeyri-rəsmi sammit çərçivəsində görüşüblər. Bu məsələ ittifaqın daxili birliyində parçalanmalar yaradan problemə çevrilib.
Aİ Şurasının prezidenti Donald Tusk danışıqlara rəhbərlik edib. O, 2015-ci ildən bəri Aralıq Dənizi ətrafında miqrant axını sahəsində ciddi nəticələr əldə edildiyini bildirib.
Qeyd olunur ki, 2018-ci ildə 100 min miqrant sənədsiz olaraq Avropa İttifaqı ərazisinə daxil olub.
Eyni zamanda miqrant qəbulu ilə bağlı üzv ölkələr arasında ziddiyyətlər davam edir. “Bütün liderləri miqrant günahlandırma oyununu dayandırmağa çağırıram. Aqressiv ritorikaya baxmayaraq, hər şey doğru istiqamətdə hərəkət edir. Çünki biz diqqətimizi xarici sərhədlərimizin nəzarəti mövzusuna cəmləmişik”,- deyə Tusk söyləyib.
Liderlər sərhəd mühafizə dəstələrinin sayını daha 10 min nəfər artırmaq barədə müzakirələr aparıblar.
Almaniya Kansleri Angela Merkel Afrika ilə əməkdaşlığın açar həll olduğunu vurğulayıb. 2015-ci ildən etibarən immiqrant sayında kəskin bir azalma olmasına baxmayaraq, Aİ ölkələri miqrant yükünün bölüşdürülməsi və yeni gələnlər mövzusunda vahid qərara gələ bilməyib.