Azərbaycanla siyasi və iqtisadi əlaqələrimiz çoxşaxəlidir. “Bir millət, iki dövlət” kəlamı hər sahədə əməkdaşlığımızda özünü göstərir. Hədəfimiz bu əlaqələri daha da inkişaf etdirməkdir.
Eurasia Diary-nin məlumatına görə, bu sözləri Türkiyə mediasına müsahibəsində Bakıda səfərdə olan Türkiyə Respublikasının Vitse-prezidenti Fuad Oqtay bildirib.
O deyib:
“Azərbaycanda sabitliyin artması bizi nə qədər xoşbəxt edirsə, Türkiyədə olan əmin-amanlığın da azərbaycanlıları o qədər sevindirdiyini bilirik. İki ölkə olaraq biz birlik və bərabərlik içindəyik”.
Çox əlamətdar bir gündə Bakıda olduğunu söyləyən F.Oktay 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə əlaqələrində olduqca vacib yer tutduğunu qeyd edib. 1918-ci il hadisələrini xatırladan F.Oktay deyib:
“O zamanlar Osmanlı dövləti üçün ağır olmasına baxmayaraq, Qafqaz İslam Ordusu Bakıya göndərilib. Bu gün də “Azərbaycanın çətinliyi var” deyilərsə, eyni hadisənin tərəddüdsüz təkrarlanacağına şübhə duymuram”. (Azərtac)