Liviyanın Xəlifə Həftarla müttəfiq olan şərq hökuməti istefaya gedib.
Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, Tobrukda yerləşən beynəlxalq olaraq tanınmayan hökumətin rəhbəri Abdulla Əl-Tani Tobruk parlamentinə istefa qərarını açıqlayıb. Bu qərar etirazların və nümayişçilərin tələblərinin müzakirəsi zamanı verilib.
Liviya əhalisi ağır yaşayış şərtləri və korrupsiyaya etiraz edərək nümayişlər keçirib. Deutsche Welle-nin verdiyi məlumata görə etirazçılar Benqazidə yerləşən hökumət binasını yandırıblar. Qeyd edək ki, bu bina Xəlifə Həftar və Liviya Milli Ordusunun əsas istehkamı idi.
Xatırladaq ki, Liviya 2011-ci ildə Müəmmar Qəddafinin devrilməsindən sonra siyasi böhran içindədir. 2015-ci ildə BMT tərəfindən tanına Beynəlxalq Razılıq Hökuməti yarandı və 2019-cu ildən etibarən isə Xəlifə Həftar hakimiyyət uğrunda mübarizə aparır. Hal-hazırda Liviya bu iki qüvvə arasında mübarizə meydanına çevrilib.