Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin BBC-yə verdiyi müsahibəsində Qərb dövlətlərinin Rusiyanın müxtəlif kiber hücumlar, zəhərləmələr, haker hücumları və seçki müdaxiləsilə bağlı ittihamlarının gülünc və absurd olduğunu söyləyib.
Bu barədə Eurasia Diary TASS-a istinadən xəbər verir.
“Bunlar o qəsər gülünc və qeyri-peşəkardır ki, hətta onlara münasibət bildirmək belə utanvericidir” deyə Narışkin vurğulayıb.
Qeyd edək ki, apreldə Böyük Britaniyanın Kiber Təhlükəsizlik Mərkəzi ABŞ-ın “SolarWinds” proqram təminatının xaker hücumuna məruz qalmasında Rusiya Xarici Kəşfiyyat Xidmətinin əlinin olduğunu iddia edib.
Britaniya Xarici İşlər katibi Dominik Raab Rusiyanın hərəkətlərinin zərərli olduğunu və həmişə bunları açıq şəkildə bəyan edəcəyini bildirib. Lakin Kremlin sözçüsü Dmitri Peskov əvvəllər Moskvanın ABŞ hökümətinin idarələrinə və şirkətlərinə edilən haker hücumlarında iştirak etmədiyini söyləyib.
“Rusiyaya qarşı bütün ittihamlar tamamilə əsassızdır və hər hansı insidentə görə yaradılan əsassız Rusofobiyanın növbəti təzahürüdür”, deyə Peskov söyləyib.