Xatırladaq ki, bir müddət bundan əvvəl ABŞ Baş Qərargah rəisinin müavini general Con Xayten Amerika qoşunlarını təkcə Əfqanıstandan deyil, həm də İraqdan da çıxaracağını bildirmişdi. Qeyd edilməlidir ki, amerikalı general atdıqları bu addımı ölkəsi üçün Rusiya və Çindən gələn təhdidlərlə əlaqəli olduğunu da gizlətməmişdi.
Maraqlıdır, Amerika qoşunlarının, deyək ki, İraqdan geri çəkilməsindən sonra görən, bu ölkəni nə gözləyir? ABŞ rəhbərliyi Bağdadın tamamilə qonşu İranın protektoratına keçməsi ehtimalını gözə almırmı?
Reallıq isə budur ki, Cozef Bayden rəhbərliyi, ABŞ qoşunlarını yalnız Əfqanıstan və İraqdan deyil, dünyanın digər “qaynar nöqtələrdən” də çıxarmaq üçün bölgədəki mövcud şərtləri daha əlverişli hesab edir. Bəli, edir. Amma burada diqqət çəkən məsələlərdən biri budur ki, ordusunu Körfəz ölkələrindən çıxaracağını bəyan edən ABŞ hələ ki, bununla bağlı heç bir dəqiq cədvələ malik deyil. Niyə? Çünki əslində, bütün bunları Amerikanın uzunmüddətli prinsipi kimi də qəbul etmək olar.
Maraqlıdır ki, rusiyalı siyası tədqiqatçı Aleksandr Şumilin Amerikanın bütün bu “oyunlarını” onun ordusunun deyilən ölkələrdən çıxarılmasının “yeni şərtləri” ilə əlaqələndirir. Rus tədqiqatçının fikrincə, son bir neçə il ərzində Vaşinqton Rusiyanı rəsmi olaraq Çindən bir qədər az kimi olsa da, amma təhlükəli düşmən kimi qəbul edir.
O da maraqlıdır ki, general Con Xaytenin açıqlamalarına diqqət çəkən rus tədqiqatçı ABŞ-ın Ukrayna ətrafındakı vəziyyətə heç bir hərbi müdaxilə etməyəcəyini ehtimal edir. Şumilin bunu ABŞ-ın yeni administrasiya nümayəndələrinin danışıqlarına istinadən bəyan etdiyini də gizlətmir. Onun ehtımalına görə, təbii ki, ABŞ Ukrayna tərəfinə yardım göstərməyin başqa yollarından, deyək ki, silah təchizatı, məsləhətləşmə və s. yararlanacaq.
Şumilinin fikrincə, hazırda Pentaqondakı hərbi və strateji düşüncənin əsas istiqaməti və Vaşinqtondakı siyasət indi daha çox Ukrayna ətrafındakı vəziyyətlə müəyyən edilir. “ABŞ-ın dönüş nöqtələrinin orada necə yerləşəcəyini gələn ilin əvvəlində görəcəyik”-deyən rusiyalı siyasətçi hələ ki, çox şeyin Türkiyənin mövqeyindən, ABŞ-ın onunla qarşılıqlı əlaqəsindən asılı olacağını etiraf edir.