Ermənistanın ikinci prezidenti Robert Köçəryan dünən axşam saatlarında ölkədə başlayan fasiləsiz aksiyalara qoşulub.
Ednews xəbər verir ki, Ermənistan mediası Robert Köçəryanın aksiyaçılar arasındakı şəklini yayıblar.
Eks-prezident Sərdarapatdan İrəvana gedən müqavimət hərəkatının üzvlərinə qoşulub.
R.Köçəryan bir müddət əvvəl xizəklə sürüşərkən yıxılaraq, belini zədələdiyindən ictimaiyyət arasına çıxmırdı.
Xatırladaq ki, bir neçə gündür Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə etiraz aksiyalarına start verilib. Aksiyalar mayın 5-nə kimi davam etdiriləcək.
Müxalifət Nikol Paşinyanın istefasını tələb edir. Əsasən “Qarabağ klanı”nın önündə getdiyi etirazçılar Paşinyanın başçılıq etdiyi hökuməti Qarabağ məsələsində "yolverilməz güzəştlərə getməkdə" ittiham edir, onun "fərsiz siyasəti" sayəsində Ermənistanın yeni təhdidlərə düçar olduğu və hətta dövlətçiliyini itirmək təhlükəsi ilə üzləşdiyini iddia edirlər.
Qeyd edək ki, aprelin 6-da Brüsseldə görüşmüş Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan sülh sazişi üzərində işləməyə razılaşıblar.
Bundan sonra ölkə parlamentində çıxış edən Nikol Paşinyan bildirib ki, beynəlxalq ictimaiyyət onlardan "Dağlıq Qarabağın statusu" ilə bağlı tələbin həddini "aşağı salmağını" istəyib.