Finlandiya və İsveç NATO-ya üzvlüklə bağlı protokol imzalayıb.
Ednews xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Oana Lunqesku şəxsi twitter hesabında paylaşım edib.
Sənədi Finlandiyanın xarici işlər naziri Pekka Haavisto və İsveçin XİN başçısı Ann Linde imzalayıblar.
Alyansın Baş katibi Yens Stoltenberq də mərasimdə iştirak edib. O, bu anın həm iki ölkə, həm də ümumi təhlükəsizlik üçün tarixi bir məqam olduğunu vurğulayıb.
İki ölkənin ən yeni üzv olması üçün təsdiq prosesinin bu gündən başladığını ifadə edən Stoltenberq NATO-nun qapılarının Avropa demokratiyalarına açıq olduğunu deyib.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da terrorun hamı üçün təhlükəli olduğunu, ölkəsinin NATO-ya töhfə verəcəyini bildirib.
Qeyd edək ki, Linde və Haavistonun başçılıq etdiyi nümayəndə heyətləri dünən Brüsseldə NATO rəsmiləri ilə görüşüb və üzvlük danışıqlarını yekunlaşdırıblar.