Milli Məclis informasiya agentliklərinə dair yeni tələbləri birinci oxunuşda qəbul edib.
“EDnews” xəbər verir ki, "Media haqqında” qanuna təklif olunan dəyişiklik layihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, informasiya agentliyinin azı 20 media subyekti ilə informasiya verilməsi (əldə edilməsi) haqqında müqaviləsi olmalı, azı 5 xarici ölkədə jurnalisti akkreditasiya olunmalı, həmçinin hər ay 20 gün ərzində gündəlik dərc etdiyi kütləvi informasiyanın ümumi həcminin azı 80 faizi bu
Qanunun 60.5-ci maddəsində nəzərdə tutulan tələblərə cavab verməlidir.
Qeyd edək ki, qanunun 60.5-ci maddəsinə əsasən, onlayn media subyekti (redaksiyaları) hər ay 20 gün ərzində gündəlik azı 20 kütləvi informasiya dərc etdikdə onun fəaliyyəti davamlı hesab olunur.
Bundan başqa, çap mediası subyekti Media Reyestrində olmadan fəaliyyət göstərdikdə onun çap mediası məhsulunun özü, yaxud nəşriyyat (naşir) və ya yayıcı tərəfindən nəşri və ya yayımı qadağan edilir.
Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.