Türkiyə Silahlı Qüvvələrinin İraq və Suriyanın şimal bölgələrində həyata keçirdiyi hava hücumları zamanı 90-a yaxın YPG/PKK terror yuvaları zərərsizləşdirilib.
Ednews Yeni Safak –a istinadən xəbər verir ki, Türkiyə ordusunun “Pəncə-Qılınc” əməliyyatı nəticəsində bir çox terror yuvaları – sığınacaqlar, bunkerlər, mağaralar, tunellər, silah-sursat anbarları, eləcə də terrorçuların qərargahı və təlim düşərgələri məhv edilib.
Türkiyə Müdafiə Nazirliyinin bəyanatında qeyd edilir ki, hərbi əməliyyatlar BMT-nin 51 maddəsində nəzərdə tutulan özünümüdafiə hüququna uyğun həyata keçirilib.
Türk ordusu İraqın və Suriyanın şimal ərazilərində bir sıra anti-terror hərbi əməliyyatlar öz uğurlu nəticələrini verib.
Nazirlikdən verilən məlumata görə, hava əməliyyatı zamanı terrorçuların rəhbələri də hədəfə alınaraq zərərsizləşdirilib.
Qeyd edək ki, hərbi əməliyyatların keçirilməsi barədə qərar ötən bazar günü İstanbulun İstiqlal küçəsində azı 6 nəfərin ölümü və 81 nəfərin yaralanması ilə nəticələnən terror aktından sonra verilib.
Nazirlik qeyd edib ki, İraq və Suriyada anti-terror əməliyyatları türk xalqına və təhlükəsizlik qüvvələrinə qarşı törədilən terror aktlarının aradan qaldırılması və Türkiyənin sərhəd təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Yunis Abdullayev